Orqanizmimizdəki su miqdarında gün ərzində baş verən ən kiçik dəyişmələri belə qəbul edən sistemlər var. Bunların başında, beynimizin bir yaşıl noxud böyüklüyündə olan hipotalamus adlı nahiyəsi gəlir. Hipotalamusun diqqət yetirdiyi məsələlərdən biri, qandakı su səviyyəsidir. Qandakı su səviyyəsi azaldıqda, qan təzyiqi az da olsa aşağı enər. Bununla da, ürəkdən qanın çıxdığı ilk nöqtə olan aortada yerləşən və qan təzyiqindəki dəyişiklikləri qəbul etmək vəzifəsini yerinə yetirən təzyiq ölçənlər (barorseptorlar) fəaliyyətə keçər. Qan təzyiqindəki dəyişikliklə xəbərdar edilən bu həssas reseptorlar vəziyyəti dərhal beynimizdəki hipotalamus nahiyəsinə bildirərlər. Hipotalamus isə, buna qarşı tədbir olaraq tam altında yerləşən 1 sm böyüklüyündəki hipofiz adlı vəzdə, "ADH" ("vazopressin") adlı hormonun əmələ gətirilərək ifraz olunması əmrini verər.

Bu hormon qan dövranı yolu ilə uzun bir səfərə çıxar və böyrəklərə çatar. Böyrəklərdə eynilə qıfıl-açar arasındakı uyğunluq kimi, tam bu hormona uyğun xüsusi reseptorlar var. Hormonlar bu reseptorlara çatdıqları anda böyrəklərə suya qənaət rejiminə keçilməsi mesajını çatdırar. Bu mesajı başa düşən böyrək hüceyrələri dərhal orqanizmdən su ifrazatını çox aşağı səviyyəyə endirərlər.

Digər tərəfədən, yenə eyni "vazopressin" hormonu beynimizdə susama hissinin yaranmasına da səbəb olar. Biz isə, içimizdəki bu mükəmməl sistemin işləyişindən xəbərimiz olmadan, yalnız bir stəkan su içərək orqanizmimizin su tarazlığını bərpa etmiş olarıq.

Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi "su istifadəsini azaldın" əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içmək məcburiyyətində qalardıq. Bu suyu daimi şəkildə orqanizmimizdən xaric etməyimiz lazım olacağından, yatmağımız və ya bir yerdə uzun müddət oturmağımız qeyri-mümkün olardı.

Görüldüyü kimi orqanizmimizdəki su səviyyəsini tarazlıqda saxlayan bu sistemin bütün hissələri beyinlə ortaq fəaliyyət göstərir. Aortadakı hüceyrələr bir mesaj göndərərək su çatışmazlığını dərhal beynə bildirir, beyin bu mesajın nə mənanı verdiyini dərhal anlayıb bir xəbərçi yola salır və bu xəbərçi orqanizmdəki bir çox orqan arasından əlaqədar orqana, yəni böyrəklərə gedərək onlara nələr etməli olduqlarını bildirir.

Bu əməliyyatlar gün ərzində dəfələrlə, bizim xəbərimiz belə olmadan baş verir. Hətta yalnız bizim orqanizmimizdə deyil, ətrafımızdakı bütün insanların, daha əvvəl yaşamış və bundan sonra da yaşayacaq insanların orqanizmlərində bu sistem olmuş və olacaqdır. Hamısı eyni həssas reseptorlara sahibdirlər. Hamısının orqanizm hüceyrələri qan təzyiqi dəyişdikdə necə hərəkət etməli olduqlarını bilirlər. Bütün insanların, özlərinə bu vəzifə verilmiş hüceyrələri qandakı təzyiq dəyişikliklərini ölçəcək quruluşa da sahibdirlər.
Bu qədər mürəkkəb və mükəmməl bir sistem necə meydana gəlmiş və hamısı necə olub da, eyni xüsusiyyətlərə sahib olmuşdur?

Belə bir mexanizmin kortəbii təsadüflərlə yarana bilməyəcəyi ağıl sahibi hər insan üçün açıq bir həqiqətdir. Sistemin hissələrinin də öz-özlərinə bu xüsusiyyətləri qazanmaları qeyri-mümkündür. Bir insanın oxuyub anlaması üçün də, diqqət göstərməli və düşünməli olduğu bu əməliyyatları hüceyrələrin öz-özlərinə kəşf edə bilməyəcəkləri də çox aydındır. Üstəlik, vazopressin orqanizmimizdəki yüzlərlə hormondan təkcə biridir. Digər hormonların hər biri orqanizmdəki orqanlarla bənzər əlaqələr içindədir və heç bir hormon mesajını səhv bir orqana aparmaz və hər orqan özünə gələn hormonun daşıdığı mesajı doğru və tam şəkildə anlayar. Belə bir sistemin üstün bir ağıl tərəfindən yaradıldığı ortadadır. Bu ağlın sahibi hər şeyi yaratmış olan Allahdır.

Hər insan öz orqanizmindəki bu yaradılış möcüzələri üzərində düşünmək və özünü mükəmməl şəkildə yaratmış olan Allaha şükür etməklə məsuldur.