Önünüzə toz halına gətirilmiş növbənöv metal qoyulduğunu və bunların hansı metallar olduğunu yoxlamağınızın tələb olunduğunu düşünün. Məqsədəuyğun seçim edə bilərsinizmi?
Bu mövzuda təhsil almış bir insan deyilsinizsə, belə bir seçimi aparmağınız qeyri-mümkündür. Amma sizin kimi şüurlu bir insanın edə bilmədiyi bu əməliyyatı, orqanizminizdəki təxminən 100 trilyon hüceyrənin hər biri, heç çətinlik çəkmədən, düşünmədən, hesablama aparmadan rahatlıqla edə bilirlər. Üstəlik, bu qabiliyyətə təkcə sizin hüceyrələriniz deyil, yer üzündə indiyədək yaşamış və hal-hazırda da yaşayan milyardlarla insanın hər birinin trilyonlarla hüceyrəsi də malikdir.

Orqanizminizdəki bir hüceyrə orqanizm içində ehtiyacı olan dəmiri rahatlıqla seçə bilər və istifadə etmək üçün içinə ala bilər. Eləcə də, fosforu, azotu, oksigeni, natriumu, kaliumu və digərlərini hər an asanlıqla tanıya bilər, istifadə etmək üçün toplaya bilər və ya çoxunu müəyyənləşdirib ehtiyyat halında saxlaya bilər. Hətta lazım gəldikdə ehtiyacdan artıq məhsulları hüceyrədən kənarlaşdıra bilər.

Burada dayanıb düşünün. Hüceyrə dediyimiz varlıq zülallardan, molekullardan, atomlardan ibarət olan, millimetrin mində bir hissəsi böyüklüyündədir. Bu varlığın əlləri, qolları, gözləri, qulaqları, beyni yoxdur. Bu varlığın sizin kimi şüuru da yoxdur. O zaman bu seçimi necə edir?

Bu seçim hüceyrələrinizin hər birinə Allah tərəfindən ilham edilir. Kor və şüursuz atomlara, kəskin görüş və şüur tələb edən seçim qabiliyyətini verən sonsuz elm və qüdrət sahibi olan Allahdır.